Thanks to visit codestin.com
Credit goes to az.trend.az

...

“Azərkosmos” 10 milyon dollarlıq biznes portfeli formalaşdırıb - Fuad Aslanov

İqtisadiyyat Materials 21 Oktyabr 2025 10:41 (UTC +04:00)
“Azərkosmos” 10 milyon dollarlıq biznes portfeli formalaşdırıb - Fuad Aslanov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə – peykimizin buraxılmasından 10 il sonra - “Azərkosmos” 10 milyon dollarlıq biznes portfeli formalaşdırmağa nail olub. Bu, son on ilin ən böyük nailiyyətlərindən biridir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kosmik Agentliyinin "Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili" adlı tədbirində agentliyin idarə heyəti sədrinin müavini Fuad Aslanov deyib.

O bildirib ki, 2022-ci ildə yaradılan “Coğrafi İnformasiya Sistemləri Mərkəzi” vasitəsilə 100-dən çox kommersiya layihəsi icra olunub: “Son 10 ildə biz yalnız coğrafi məlumatların toplanması ilə kifayətlənmədik, eyni zamanda rəqəmsal həllər üzərində də çalışdıq. Hazırda bir neçə rəqəmsal həllimiz istifadəyə tam hazır vəziyyətdədir".

F. Aslanov onlardan bəziləri haqqında məlumat verib: "Birinci, "FarmUp"dır. Adından da göründüyü kimi, kənd təsərrüfatında əkin sahələrinin müəyyənləşdirilməsi, məhsuldarlığın ölçülməsi və proqnozların verilməsi üçün mühüm bir platformadır. Gələcəkdə bu platformanın kənd təsərrüfatı təyinatlı torpaqların sığortalanması və daha səmərəli istifadəsinə böyük töhfə verəcəyinə inanırıq.

İkinci platforma "Plat­terra"dır. Süni intellektə əsaslanır və bizə su hövzələrini, əkin və meşə sahələrini dəqiq müəyyənləşdirməyə, bu məlumatlar əsasında analiz və təhlillər aparmağa imkan yaradır.

Üçüncü, "WebGis" platforması həm coğrafi məkan məlumatlarının, həm də istifadəçilərin öz analiz və təhlillərinin əlavə olunması ilə optimal qərarların qəbuluna şərait yaradır. Hazırda bu platformaya böyük tələbat müşahidə edirik".

F. Aslanov həmçinin, İqlim Hesabatı sistemindən danışıb: "Bu da süni intellektə əsaslanan bir həldir və həm təbii, həm antropogen (insan fəaliyyəti ilə bağlı) təsirlər nəticəsində baş verən iqlim dəyişikliklərini müşahidə etməyə imkan verir. Bu sistem dövlət və beynəlxalq qurumlar üçün baş verən prosesləri daha dərindən anlamaq və onların kök səbəblərini müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır".

"Peyk texnologiyaları təkcə məlumat, analitika və strateji qərarvermə üçün vasitə deyil. Bu, həm də yeni, çevik və innovativ əməkdaşlıqlara aparan bir yoldur. Biz bu yolda hər kəsi əməkdaşlığa dəvət edirik və inanırıq ki, birlikdə qarşıda duran bir çox problemi həll edə, yeni məhsullar və yanaşmalar təqdim edə biləcəyik", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti